Dırnaq xəstəlikləri

Onixolizis

Onixolizis, bəzi dermatoloji xəstəliklər, travma, infeksiyalar və dərmanlar səbəbiylə dırnağın ağrısız bir şəkildə dırnaq yatağından ayrılmasıdır. Bu ümumi problemin bir neçə mümkün səbəbi var. Onixolizis geniş yayılmışdır və ümumilikdə bir neçə ay və ya bir ildən çox davam edir. Dırnaqların altındakı dəriyə təsir edən hər hansı bir dermatoloji vəziyyət onixolizis xəstəliyinə səbəb ola bilər.

Onixolizis kimlərdə müşahidə olunur?

Onixolizis hər iki cinsin nümayəndələrinə, bütün yaş qruplarına və irqlərə təsir edə bilər. Ən çox yetkin qadınlarda müşahidə olunur.

Onixolizis xəstəliyinin simptomları

Onixolizis xəstəliyinin simptomlarına aşağıdakılar daxildir:

  • dırnaq yatağından qopan dırnaq
  • sərt, qalın dırnaq yatağı (qalınlaşmış hiperkeratotik dəri)
  • dırnağın çəhrayı hissəsi ilə ağ kənarı arasında anormal sərhəd
  • dırnaqda və dırnaq yatağında rəng dəyişikliyi (boz, yaşıl, bənövşəyi, ağ və ya sarı)
  • dırnaqlarda əziklər və ya çuxurlar (cupuliform depressions)
  • qırılan dırnaqlar
  • kəskin onixolizis halında subungual qanaxma

Onixolizis adətən ağrısızdır, lakin kəskin və ya iltihablı olduqda ağrılı ola bilər. Onixolizis xəstəliyinin özü ağrıya səbəb olmur. Bununla belə, onixolizis xəstəliyinin əsas səbəbi ağrı hissinə səbəb ola bilər.

Onixolizis xəstəliyinin səbəbləri

Aşağıdakılar onixolizis xəstəliyinin ümumi səbəbləridir:

  • Zədə (travma): Dırnağın və ya dırnaq matriksinin zədələnməsi onixolizis xəstəliyinə səbəb ola bilər. Dırnaqları harasa çırpmaq, çox kiçik ayaqqabılar geyinmək və hətta dırnaqları çox uzun müddət suda saxlamaq bu nahiyələri zədələyə bilər.
  • Kimyəvi maddələrə reaksiya: Dırnaq boyası, dırnaq parıldadıcısı, dırnaq bərkidicisi, dırnaq boyası təmizləyicisi və suni (protez) dırnaqlardakı kimyəvi maddələr onixolizis xəstəliyinə səbəb ola bilər.
  • Göbələk infeksiyaları: Göbələk infeksiyası dırnaq ucunda və ya altında ağ və ya sarı ləkənin görünməsi ilə başlayır və infeksiya irəlilədikcə dırnağın rənginin dəyişməsi, qalınlaşması və hətta dırnağın yatağından ayrılmasına səbəb ola bilər.
  • Dərmanlar: Kimyaterapiya və işığa həssaslığa səbəb olan bəzi dərmanlar onixolizis xəstəliyinə səbəb ola bilər. Bu dərmanlara tetrasiklin, qeyri-steroid iltihab əleyhinə dərmanlar, psoralenlər və oral retinoidlər (vitamin A törəmələri) daxildir.
  • Dırnaq sədəfi: Dırnaq sədəfi, dırnaqların strukturunda özündə onixolizis xəstəliyini daşıyan dəyişikliklərə səbəb olur.

Onixolizis nadir hallarda bütün dırnaqlara təsir edir. 

Aşağıdakı hallarda onixolizis xəstəliyi bütün dırnaqlara təsir edə bilər:

  • Dəmir çatışmazlığı: Dəmir çatışmazlığı, qida rasionunda kifayət qədər dəmirin olmamasıdır. Dəmir çatışmazlığı anemiyaya səbəb ola bilər.
  • Hipertiroidizm: Hipertiroidizm, boyundakı qalxanabənzər vəzin bədənin ehtiyacından daha çox ifraz etməsinə səbəb olur. Hipertiroidizm həmçinin sürətli ürək döyüntüsü, səbəbsiz kilo itkisi, iştahın artması kimi problemlərə də səbəb ola bilər.

Onixolizis xəstəliyinin diaqnozu

Onixolizis, təcrübəli dermatoloq tərəfindən anamnez və fiziki müayinə ilə asanlıqla diaqnoz qoyula bilən bir problemdir.

Dermatoloq, onixolizis xəstəliyinin səbəbini ayddınlaşdırmaq üçün aşağıdakı testləri tələb edə bilər:

  • Biopsiya: Dermatoloq, mikroskop altında araşdırmaq üçün dırnaqdan hüceyrə nümunəsi götürür.
  • Göbələk testi: Dermatoloq, xəstəlikli dırnaqdan kəsilən dırnaq parçasını kalium hidroksid (KOH) preparatı illə mikroskop altında incələyir. Bu test yetərli olmadıqda, Periodik turşu-Schiff (PAS) kimi tanınan göbələk testi ilə onxolizis xəstəliyinin səbəbinin göbələk olub-olmadığını müəyyən edə bilər.
  • Qan analizi: Qan analizi zamanı onixolizis xəstəliyinə səbəb ola biləcək hər hansı sistemik xəstəliyin olub-olmadığı araşdırılır.

Onixolizis xəstəliyinin müalicəsi

Onikoliz xəstəliyinin müalicəsində dermatoloqun atacağı ilk addım dırnağın yatağından ayrılmasına nəyin səbəb olduğunu müəyyən etmək olacaqdır. Sözsüz ki, dırnaq yatağından ayrılmış dırnağın müalicəsi yoxdur – onu yenidən yapışdıra bilməzsiniz. Onikolizis xəstəliyinin müalicəsinin məqsədi yeni dırnağın böyüməsi və dırnaq yatağına bağlı qalmasıdır. Onikolizis xəstəliyinin spesifik müalicəsi xəstəliyin səbəbindən asılıdır.

Onixolizis xəstəliyinin səbəbi göbələk olduqda, müalicə üsullarına aşağıdakılar daxil ola bilər:

  • Ağızdan qəbul edilən göbələk əleyhinə dərmanlar: Dermatoloq, ağızdan alınan göbələk əleyhinə dərmanlar və ya həblər təyin edə bilər. Bu dərmanlara terbinafin, itrakonazol və flukonazol daxil ola bilər.
  • Yerli antifungal dərmanlar: Yerli tətbiq edilən dərmanlar kremlər, məlhəmlər və ya gellər şəklində olur. Onlar birbaşa dırnaqlara sürtülür.

Dırnaq göbələklərini müalicə etmək çətin ola bilər. Dermatoloq tərəfindən təyin edilən müalicə kursunu bitirmək vacibdir. Müalicə kursunu  yarıda dayandırsanız, onixolizis xəstəliyinə səbəb olan göbələk geri qayıda və müalicəsi daha da çətinləşə bilər.

Onixolizis xəstəliyi olan dırnaqlara qulluq:

  • Dərman qəbul edin və həkiminizin göstərişinə uyğun olaraq müalicə edin.
  • Təsirə məruz qalan dırnaqlarınızı mütəmadi olaraq kəsin.
  • Dırnaqlarınızı hər hansı əlavə zədədən qoruyun.
  • İnfeksiyanın qarşısını almaq üçün əllərinizi mütəmadi olaraq yuyun. Dırnaqlarınızın altına çatmaq üçün təmiz bir dəsmal istifadə edin.
  • İnfeksiyanın qarşısını almaq üçün antifungal və ya antimikrobiyal nəmləndiricilərdən istifadə edin. Antimikrobiyal nəmləndirmələrə limon suyu, sirkə, hidrogen peroksid və çay ağacı, portağal və ya limon otu efir yağları daxil ola bilər.

Efir yağlarının istifadəsinə başlamazdan əvvəl dermatoloqla məsləhətləşməyiniz tövsiyə olunur.

Onixolizis xəstəliyinin profilaktikası

Onixolizis xəstəliyinin qarşısını almağa kömək edə biləcək bır sıra məsləhətlər:

  • Dırnaqlarınızı qısa kəsin.
  • Dırnaqlarınızı yeməkdən çəkinin.
  • Kütikül çubuqları və ya dırnaq fırçaları kimi dırnaqlarınızın altını təmizləyən bəzi vasitələr dırnaqlarınızın altındakı dərini zədələyə və infeksiyaya səbəb ola bilər.
  • Dırnaqlarınızı və ya dırnaqlarınızın ətrafındakı dərini qıcıqlandıra biləcək kimyəvi maddələrdən və ya məhsullardan çəkinin. 
  • Qab-qacaq yumaq, idman etmək və ya çöldə işləmək kimi dırnaqlarınıza zərər verə biləcək fəaliyyətlər icra edərkən əlcək geyinin.
  • Təmiz corablar və rahat, qoruyucu ayaqqabılar geyin. 

Onixolizis göbələk infeksiyasıdırmı?

Xeyr, onixolizis göbələk infeksiyası deyil. Bununla belə, göbələk infeksiyaları bəzən onixolizis xəstəliyinə səbəb ola bilər.

Onixolizis yoluxucudurmu?

Onixolizis xəstəliyi səbəblərindən asılı olaraq, yoluxucu ola bilər. Yaralanma, dırnaq psoriazı, dərmana və ya kimyəvi maddələrə reaksiya nəticəsində yaranan onixolizis yoluxucu deyil. Bununla belə, bir göbələk səbəb olduğu onixolizis yoluxucu ola bilər.

İnfeksiyaya yoluxmuş bir insan təmas yolu ilə göbələyi başqasına yoluxdura bilər. Həmçinin yoluxmuş səthə toxunmaqla (dolayı əlaqə), məsələn, ictimai hovuzlarda və ya duşda ayaqyalın gəzməklə və ya dəsmal, dırnaq qayçısı kimi əşyaları paylaşmaqla da dırnaq göbələyinə yoluxmaq mümükündür.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
Back to top button