Allergik dəri xəstəlikləri

Övrə xəstəliyi və ya Urtikar (Urticaria)

Urtikar (Urticaria) və ya el arasında bilinən adıyla övrə xəstəliyi, müxtəlif səbəblərdən yaxud xüsusi səbəbi bilinmədən dəri səthinin qaşınma, qızartılı qabarcıqlar ilə təzahür olunan bir reaksiyadır. Bu qırmızı ləkələrin ölçüləri bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişə bilər və adətən bir-biri ilə birləşərək dərinin çox böyük bir sahəsini əhatə edə bilər. Səpgilər xəstəliyin gedişində 24 saat ərzində görünə və yoxa çıxa bilər. Övrə xəstəliyi və ya urtikar yoluxucu deyil.

Övrə xəstəliyi və ya urtikar – çox yayılmış xəstəlikdir, təxminən hər 3 nəfərdən biri heç olmazsa bir dəfə bu xəstəliyə tutulur. Xəstəlik dəridə sürətlə əmələ gələn, qaşınan, monomorf, köpüşük şəklində olan səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur. Bu monomorf urtikar qaşınan səpgili polietioloji dermatozdur.

Övrə xəstəliyi və ya Urtikar simptomları

Övrə xəstəliyi dərinin istənilən yerində qaşıntılı köpəşmələr şəklində qızartılar yaradır. Gicitkən dalaması formasında səpgilər meydana gəlir. Övrə xəstəliyinin elmi adı urticaria termini də gicitkən sözündən yaranmışdır. Urtica gicitkən deməkdir. Səpgilər 24 saat ərzində iz buraxmadan solaraq dərinin başqa yerindən çıxa bilir. Övrə xəstəliyinin daha ağır formasında dəri və selikli qişalarda ödem yaranır. Ödemə bağlı gözətrafında, əllərdə, ayaqlarda, dodaqda, dildə şişkinlik yarana bilər. Buna Kvinke Ödemi və ya Angioödem deyilir. Övrə xəstəliyi angioödemlə müşahidə edilirsə, urtikar daha kəskin xarakter ala bilər. Hətta xəstədə ciddi tənəffüs çatışmazlığı yaradaraq ölümə belə səbəb ola bilər. Övrə xəstəliyi və ya Urtikarın əlamətlərini müşahidə edirsinizsə, fəsadların önünə keçmək üçün qısa zamanda dəri üzrə ixtisaslaşmış həkimə – dermatoloqa müraciət etməlisiniz.

Övrə xəstəliyinin ən çox görülən simptomlarına aşağıdakılar daxildir:

  • Dəridə qırmızı ləkələr görünür. Bunlar millimetrlik kiçik ölçülərdə və ya daha böyük ölçülərdə ola bilər.
  • Şişkinlik yaranan dəri bölgələrində qaşınma və yanma hissi yaranır.
  • Səpgilər ən çox 24 saat ərzində heç bir iz qoymadan və ya fəsadsız yox olur. Amma bu o demək deyil ki, sonradan təkrarlanmayacaq.
  • Övrənin daha ağır forması sayılan angioödem və ya kvinke ödemi adlanan şişkinlik xəstənin həyatını təhlükə altına ala bilər.

Kəskin Urtikarda bu simptomlar adətən bir neçə saat ərzində yox olur. Bəzi hallarda bir neçə gün davam edə bilər. Xroniki Urtikarda müxtəlif vaxtlarda şiddətlənə və illərlə davam edə bilər.

Etioloji əlamətlərinə görə Övrə xəstəliyinin aşağıdakı növləri var:

  • (Qeyri-İmmunloji Urtikar)

Allergik Övrə

Allergik Övrənin iki tipi ayırd edilir.

  • . 24 saatdan az və adətən, hər dəfə bir neçə saat davam edən, izolyasiya edilmiş yaralar və xəstəliyin qəfil kəskinləşməsinin cəmi 6 həftə və ya daha az davam etməsi ilə səciyyələnir.
  • 6 həftədən daha uzun müddətdə, 1 həftədə ən azı iki dəfə dəridə residivverən şişkinliklərin yaranması kimi tərif edilir. 

Psevdoallergik Övrə

Psevdoallergiya zamanı tosqun hüceyrələrin aktivasiyası qeyri-immun mexanizmlərlə baş verir.

Bu patologiyanın çoxsaylı müxtəlif növləri mövcuddur.

Psevdoallergik Övrənin mexaniki növlərinə aşağıdakılar aiddir:

  • (Urtikar Dermoqrafizm) – dəriyə zəif fiziki təzyiqlərlə provokasiya olunur. Patogenezində tosqun hüceyrələrin aktivasiyasının qeyri-immun mexanizmləri daha çox rol oynayır.
  • son illərdə temperatur övrəsinin bu tipinə daha çox rastlanır. Müəyyən olunmuşdur ki, bu patologiya olan pasiyentlərdə soyuğun təsiri zamanı trombositlərin bəzi faktorları yüksəlir və tosqun hüceyrələrin membran stabilliyi azalır. Soyuğun yerli təsiri, həmçinin soyuq yeməklərin və içkilərin qəbulu dəri toxumasının histaminə qarşı yüksək həssaslığı fonunda eritematoz səpkilərin inkişafına və qaşınmaya gətirib çıxarır.
  • Urtikar dermoqrafizmdə olduğu kimi bu xəstəliyin inkişafında da tosqun hüceyrələrin aktivasiyasının qeyri-immun mexanizmləri əsas rol oynayır – yüksək temperaturda onların deqranulyasiyası baş verir.
  • – bu övrədə provakasiyaedici faktor Günəş işığıdır. Övrənin bu tipi ilə xəstə olan insanlarda dərinin histaminə qarşı yüksək həssaslığı müşahidə olunur. Buna görə də tosqun hüceyrələrin hətta əhəmiyyətsiz dərəcədə deqranulyasiyası nəzərə çarpan dəyişikliklərə gətirib çıxarır.
  • peşə xəstəliklərinin kifayət qədər nadir formasıdır. Tikintidə, istehsalatda işləyən insanlarda rastlanır. Bu zaman bazofillərin deqranulyasiyası mexaniki titrəmə nəticəsində baş verir.
  • bu tip əvvəllər övrənin mexaniki növlərinə aid edilmirdi. Lakin son illərdə müəyyənləşdirildi ki, bu patologiyada su şırnağının fiziki təsiri provokasiyaedici faktor kimi çıxış edir. Tosqun hüceyrələrin aktivasiyası qeyri-immun mexanizmlə, kifayət qədər zəif gedir. Lakin dərinin histaminə qarşı yüksək həssaslığı zamanı eritema və qaşınmaya gətirib çıxarır.

Piqment Övrə

Piqment Övrə dəridə tosqun hüceyrələrin ocaqlı şəkildə toplanması və qırmızımtıl-qəhvəyi papula və ləkələrlə xarakterizə olunur. Səpgi ən çox gövdə və ətraflarda, bəzən üzdə olur. Ovuc içi və ayağın altı, başın tüklü hissəsində adətən səpgi olmur.

Piqment Övrənin 3 növü var: ləkəli, papulyoz, qarışıq.

Piqment Övrə ən çox uşaqlarda müşahidə olunur. Sistem mastositozu isə əksinə, böyüklərdə müşahidə olunur, qaraciyər, dalaq, limfa düyünləri və digər orqanların tosqun hüceyrələrlə infiltrasiyası ilə müşaiyət olunur. Müxtəlif faktorların təsirindən tosqun hüceyrələr mediator ifraz edir,nəticədə qanın güclü axını, fitvari tənəffüs, baş ağrısı və ödem ola bilər.

Övrə xəstəliyi və ya Urtikar səbəbləri 

Övrə və ya Urtikar bədənin içərisindən və ya xaricindən gələn müxtəlif stimullar tərəfindən qıcıqlandırılır. Bu stimullardan bəziləri allergik mexanizmlər, bəziləri iltihablı infeksiyalar zamanı və ya sonrasında, digərləri isə soyuq, istilik, təzyiq və gərginlik kimi fiziki təsirlərdir. Lakin əksər hallarda qıcıqlandırıcı faktoru tapmaq olmur. 

Ancaq qıcıqlandırıcılardan asılı olmayaraq övrəyə səbəb olan mexanizmlər hər bir xəstədə eynidir:

  • Bədənin müxtəlif səbəblərdən qıcıqlanması nəticəsində immun sisteminin müdafiə hüceyrələrindən biri olan mast hüceyrələrindən histamin və PAF (trombosit aktivləşdirən faktor) adlı xəbərçi maddələr ayrılır.
  • Sərbəst buraxılan bu xəbərçi agentlər dəridə qan damarlarının genişlənməsinə səbəb olur və damarları plazma adlanan qan mayesinə keçirə bilir.
  • Nəticədə qan plazması damardan ətraf toxumaya yayılır və şişkinlik əmələ gəlir.

Övrə xəstəliyi və ya Urtikar üçün qıcıqlandırıcı faktorlar

Urtikar üçün bir çox qıcıqlandırıcı faktor var. Bu da dəri həkiminə pasiyentə təsir edən qıcıqlandırıcı faktoru tapmaqda çətinlik yaradır.

Övrə xəstəliyinə səbəb olan bəzi qıcıqlandırıcı faktorlara nəzər salaq;

  • Allergenlər. Xüsusilə qoz-fındıq
  • İnfeksiyalar. Viruslar, bakteriya və ya parazitlərin səbəb olduğu infeksiyalar
  • Müxtəlif xəstəliklər. Tiroid xəstəlikləri, revmatik xəstəliklər
  • Pestisid. Həşərat və ya parazit sancması
  • Fiziki amillər. Soyuq, isti, günəş işığı, təzyiq, tər kimi fiziki amillər
  • Bəzi dərmanlar. Bəzi antibiotiklər qan təzyiqi dərmanları və ya ağrı kəsiciləri kimi göstərilə bilər.

Övrə xəstəliyi və ya Urtikar üçün kimlər risk qrupundadır?

Kəskin urtikar və ya kəskin övrə ümumi bir vəziyyətdir.

Hər 5 insandan 1 -i həyatının bir nöqtəsində urtikardan təsirlənir.

  • uşaqlar
  • həmçinin 30-60 yaşlı qadınlar
  • allergiya tarixi olan insanlar

Övrə xəstəliyi və ya Urtikar diaqnozu

Övrənin diaqnozu dermatoloq tərəfindən anamnez və tipik klinik şəklə əsasən qoyulur: xarakterik monomorf səpgilər, tez klinik inkişaf və elementlərin reqresi. Dermatoloq gərək olarsa, dəridən biopsiya götürür. Bu prosedur vasitəsilə dəri həkimi dəri və dərialtı təbəqənin ödemini, venulanın dilatasiyasını, tosqun hüceyrələrin deqranulyasiyasını, zəif perivaskulyar infiltrasiyasını incələyir.

Birdən inkişaf edən övrə vəziyyətlərində, övrə və ya urtikar diaqnozu dəri həkimi – dermatoloq tərəfindən tez bir zamanda qoyula bilər. Həkim – Dermatoloqun qəbulu zamanı övrə səpgiləri olmadıqda, diaqnoz üçün xəstənin etdiyi tipik klinik mənzərənin təsviri kifayətdir. Bu nöqtədə səpgilərin 24 saat ərzində tamamilə yox olub-olmadığını müəyyən etmək vacibdir. Çünki övrəyə bənzəyən səpgilərlə irəliləyən müxtəlif dəri xəstəlikləri var.

  • Dermatoloq Kəskin Övrənin diaqnostikasını, xüsusən hər hansı bir allergiya ilə müşayiət olunursa, pasiyentin allergik anamnezinə və qanda immunoqlobulin (İgE) səviyyəsinin təyininə əsasən aparır.
  • Soyuq Övrənin diaqnozunda dəriyə 10 dəqiqə müddətinə bir parça buz və ya içində buzlu su olan sınaq şüşəsi qoyulur. Köpüşüklər 24 saat qalırsa, dəri həkimi urtikar vaskulitdən şübhələnir və bu vaxt biopsiya tələb edir.
  • Günəş Övrəsinə UB- A, UB- B və gözlə görünən şüalanma ilə fotosınaq vasitəsilə diaqnoz qoyulur. Bu vaxt 30 dəqiqə sonra köpüşük əmələ gəlir.
  • Urtikar Dermoqrafizmə (Dermoqrafik Övrə) dərini yüngül ştrixlə qıcıqlandırmaqla dərhal qaşınan köpüşüyün əmələ gəlməsilə diaqnoz qoyulur.
  • İsti Övrəsində isti su (500 C) ilə dolu sınaq şüşəsi qolun dərisinə qoyulur, 10-20 dəq sonra həmin yerdə hiperemiya və ödem əmələ gəlir.
  • Xolinergik Övrə fiziki iş zamanı tərlədikdə (kiçik köpüşüklər əmələ gəlir) və ya dəri içinə 0.1 ml karboxolin (15 mm-dən böyük köpüşük) yeritdikdən sonra əmələ gəlir.
  • Adrenergik Övrə stressdən sonra qanda adrenalin, noradrenalin və İgE -nin miqdarının artması nəticəsində baş verir.
  • Eozinofiliyalı Periodik Kvinke ödemi qızdırma, yüksək leykositoz (əsasən eozinofillərin hesabına) və bədəndə suyun ləngiməsi nəticəsində çəkinin artması ilə müşaiyət olunur.
  • İrsi Kvinke Ödemində ağırlaşmış ailə anamnezi, üz və ətrafların ödemi, qarında ağrılar, komplementin C4 komponentinin və C1 esterazanın inhibitorunun miqdarı azalır.

Övrə xəstəliyi və ya Urtikar müalicəsi

Urtikarın müalicəsi ilk addım mümkün qıcıqlandırıcı faktorları tapmaq və mümkün qədər onlardan uzaqlaşmaqdan ibarətdir. Xəstənin yediyi qida övrə xəstəliyinə səbəb olarsa, bu qida həkim tərəfindən xəstənin qida rasionundan çıxarılır. Urtikar bir dərmandan qaynaqlanırsa, müvafiq dərman dəri həkimi tərəfindən dayandırılır və uyğun müxtəlif preparatlarla əvəz olunur. Arı və başqa hər hansı həşərat sancması nəticəsində övrə və ya urtikar yaranıbsa, qıcıqlandırıcı zəhər üçün xüsusi immunoterapiya tələb oluna bilər.

Övrə xəstəliyi və ya Urtikar ağırlaşmalar

Kəskin övrə xəstəliyi olan insanların təxminən dörddə birində və xroniki övrə xəstəliyi olan insanların yarısında da toxumaların daha dərin şişməsi olan Angioödem və ya Kvinke ödeminin inkişaf edir.

Angioödem və ya Kvinke ödemi

Angioödem və ya Kvinke ödemi bir insanın dərisinin daha dərin təbəqələrində yaranan şişkinlikdir. Çox vaxt şiddətlidir və mayenin yığılması nəticəsində yaranır. Angioödem və ya Kvinke ödemi bədənin  hər hansı bir hissəsində müşahidə oluna bilər, lakin adətən aşağıdakı nahiyələrdə müşahidə olunur:

  • gözlər
  • dodaqlar
  • cinsiyyət orqanları
  • əllər
  • ayaq

Dermatoloq şişkinliyi aradan qaldırmaq üçün antihistamin dərman preparatları və oral kortikosteroidlərin istifadəsini tövsiyə edə bilər.

Emosional təsir

Hər hansı bir uzunmüddətli (xroniki) övrəylə yaşamaq çətin ola bilər. Xroniki urtikar bir insanın əhval-ruhiyyəsinə və həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Qaşıntılı dəri ilə yaşamaq xüsusilə əsəb korlayıcı ola bilər.

Bir araşdırma, xroniki övrənin ürək xəstəliyi ilə eyni mənfi təsir göstərə biləcəyini göstərdi. Bu araşdırma, həmçinin müəyyən etdi ki, xroniki övrəsi olan hər 7 nəfərdən 1-də bir növ psixoloji və ya emosional problem var, məsələn: 

  • stress
  • narahatlıq
  • depressiya

Övrə xəstəliyiniz sizin həyat keyfiyyətinizi aşağı salmadan, simptomlarınız ağırlaşmadan dəri həkiminə müraciət edin.

Anafilaktik Şok və ya Urtikar Anafilaksiyası

Çox qısa zaman zərfində bütün orqanları təsiri altına alan reaksiyaya anafilaktik şok və ya anafilaksiya deyilir. 

Urtikar Anafilaksiyası simptomları:

  • gözlər, dodaqlar, əllər və ayaqlarda şişkinlik
  • başgicəllənmə və ya huşunu itirmə
  • çətinliklə nəfəs alıb-vermə
  • qarın ağrısı, mədə bulantısı və qusma
  • huşun itməsi

Anafilaksiya həmişə təcili vəziyyət olaraq qəbul edilməli və vaxt itirmədən tibbi yardım çağırılmalıdır.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
Back to top button