Dəri törəmələri/Dəri xərçəngi

Melanoma

Melanoma, ölüm riski ən yüksək olan dəri xərçəngidir. Melanoma, erkən aşkarlandıqda müalicə edilə bilər.

Dəri xərçənginin 2 əsas növü var. 

  • Melanoma olmayan dəri xərçəngi (bazal hüceyrəli dəri xərçəngi, skuamöz hüceyrəli dəri xərçəngi və digər nadir növlər)
  • Melanoma dəri xərçəngi

Melanoma nədir?

Melanoma dərimizə rəng verən melanin piqmenitinin əmələ gəldiyi hüceyrələrdə (melanositlər) inkişaf edən ən ciddi dəri xərçəngi növüdür.

Melanoma  dəri xərçənginin dəqiq səbəbi məlum deyil, lakin günəşdən və ya solyaridən gələn ultrabənövşəyi (UV) şüalara məruz qalmaq melanoma inkişaf riskini artırır. Ultrabənövşəyi (UV) şüalardan qorunmaq melanoma riskini azaltmağa kömək edir.

Dəri xərçənginin xəbərdarlıq əlamətlərini bilmək, xərçəng yayılmadan əvvəl xərçənglə əlaqəli dəyişiklikləri aşkar etməyə və müalicə etməyə kömək edə bilər. Melanoma erkən aşkar edilərsə, uğurla müalicə edilə bilər.

Melanoma simptomları

Melanoma bədənin hər yerində inkişaf edə bilər. Melanoma, ayaq altı, ovuc içi və dırnaq altları kimi günəşə çox məruz qalmayan yerlərdə də yarana bilər.

Melanoma dəri xərçənginin ilkin əlamətləri:

  • Bədəndə mövcud olan xalın strukturlarında dəyişikliklərin baş verməsi
  • Dəridə yeni piqmentli və ya qeyri-adi görünən dəri törəmələri meydana gəlməsi

Normal xallar. Normal xallar ümumiyyətlə vahid rəngdədir – məsələn, qəhvəyi və ya qara. Onlar oval və ya yuvarlaqdır və ölçüsü təxminən 6 millimetrdir.

Melanoma göstəricisi olan qeyri-adi xallar. Melanoma və ya digər dəri xərçənglərinin göstəricisi olan qeyri-adi xalların xüsusiyyətlərini müəyyən etməyə kömək etmək üçün ABCDE hərflər sıralamasını yadda saxlayın:

  • A (Asymmetrical) hərfi asimmetrik formaları təmsil edir. Çox fərqli görünən iki yarı kimi qeyri-müntəzəm formalı xallar axtarın.
  • B (Border) hərfi nizamsız kənarları təmsil edir. Qeyri-müntəzəm, kələ-kötür, qıvrımlı kənarları olan xallar axtarın.
  • C (Color) hərfi rəng dəyişikliklərini təmsil edir. Çox rəngli və ya rəngi qeyri-bərabər paylanmış xallar axtarın.
  • D (Diametr) hərfi diametrini təmsil edir. Mövcud olan xalda, ölçüsü ¼ düymdən (təxminən 6 mm) çox olan törəmə axtarın.
  • E (Evolving) hərfi fərqləndirməni təmsil edir. Forması və ya rəngi dəyişən və ya ölçüsü artan xallar axtarın. Xallar qanaxma və ya qaşınma kimi yeni əlamətlər və simptomlarla da fərqlənə bilər.

Xərçəngli (bədxassəli) xalların görünüşü biri-birindən fərqlidir. Bəziləri yuxarıda sadalanan bütün dəyişiklikləri göstərə bilər, digərləri isə yalnız bir və ya iki qeyri-adi xüsusiyyətə malik ola bilər.

Gizli Melanoma

Melanoma, ayaq barmaqlarının arası və ovuc içləri, ayaqların altı, baş dərisi və ya cinsiyyət orqanı kimi, bədənin günəşə az məruz qalan və ya heç məruz qalmayan bölgələrində də inkişaf edə bilər. Bunlara bəzən gizli melanoma deyilir, çünki onlar əksər insanın baxmağı düşünməyəcəyi nahiyələrdə inkişaf edir.

Gizli Melanoma növlərinə aşağıdakılar daxildir:

  • Dırnaq altındakı melanoma. Akral-lentiginöz melanoma nadir bir melanoma formasıdır, əl və ya ayaq dırnaqlarının altında yarana bilər. Ovuc içlərində və ya ayaqların altında da meydana gələ bilər.
  • Ağızda, həzm sistemi orqanlarında, sidik yollarında və ya vaginadakı melanoma. Selikli qişada yaranan melanoma burun, ağız, yemək borusu, anus, sidik yolları və vaginanı əhatə edən selikli qişada inkişaf edir. Selikli qişada yaranan melanoma dəri xərçəngini aşkar etmək xüsusilə çətindir, çünki onlar asanlıqla başqa dəri xəstəlikləri ilə səhv salına bilər. Tərcübəli dermatoloq tərəfindən asanlıqla diaqnoz qoyula bilər.
  • Gözdəki melanoma. Gözdəki melanoma, ən çox uveada – gözün ağ təbəqəsinin (sklera) altındakı təbəqədə meydana gəlir. Gözdəki melanoma görmə dəyişikliklərinə səbəb ola bilər və göz müayinəsi zamanı diaqnoz qoyula bilər.

Hansı halda dəri həkiminə müraciət etmək lazımdır?

Bədəninizin hər hansı bir nahiyəsində qeyri-adi görünən dəri törəməsi varsa, dəri həkimi – dermatoloq ilə əlaqə saxlayın.

Melanoma səbəbləri

Melanoma dəriyə rəngini verən piqment melanin istehsal edən melanositlər adlanan hüceyrələrdə bir şey səhv olduqda baş verir. Normal şəraitdə dəri hüceyrələri nizamlı bir proseslə inkişaf edir. Sağlam yeni hüceyrələr köhnə hüceyrələri dərinin səthinə itələyir, burada hüceyrələr ömrünü bitirir və nəticədə tökülür. Ancaq hüceyrədə DNT zədələndikdə, yeni hüceyrələr nəzarətdən çıxmağa başlaya və nəticədə xərçəng hüceyrələrinin populyasiyasına çevrilə bilər.

Səbəblərin, o cümlədən ətraf mühitin və genetik faktorların birləşməsi melanoma əmələ gətirə bilər.  Günəş işığına məruz qalmayan bölgələrdə inkişaf edən növləri başda olmaqla, melanoma dəri xərçənginin bütün növlərinin yaranma səbəbi ultrabənövşəyi şüalar deyil. Bu, digər amillərin də melanoma riskinə səbəb ola biləcəyini göstərir.

Melanoma risk faktorları

Melanoma riskini artıra biləcək amillərə aşağıdakılar daxildir:

  • Açıq rəngli dəriyə sahib olmaq. Dəridə daha az piqmentin (melanin) olması ultrabənövşəyi şüaların zərərli təsirindən daha az qorunma deməkdir. Lakin melanoma tünd dərili insanlarda, o cümlədən İspan və qaradərili insanlarda inkişaf edə bilər.
  • Günəş yanığı. Bir və ya daha çox şiddətli, suluqlu günəş yanığı melanoma riskini artıra bilər.
  • Həddindən artıq ultrabənövşəyi (UV) şüaya məruz qalmaq. Günəşdən və ya solaryumdan ultrabənövşəyi şüalara məruz qalmaq melanoma və digər dəri xərçəngləri riskini artırır.
  • Ekvatora yaxın və ya yüksəklikdə yaşamaq. Ekvatora daha yaxın yaşayan insanlar yüksək enliklərdə yaşayan insanlara nisbətən daha çox ultrabənövşəyi şüalanmaya məruz qalırlar. Bundan əlavə, yüksək enlikdə yaşayırsınızsa, ultrabənövşəyi şüalara daha çox məruz qalırsınız.
  • Çoxlu xalın və ya qeyri-adi xalın olması. Bədəninizdə 50-dən çox adi xalın olması melanoma riskinin artdığını göstərir. Həmçinin, qeyri-adi xal növü də melanoma riskinin artmasının göstəricisidir.
  • Ailədə melanoma tarixinin olması. Valideyn, uşaq və ya qardaş kimi yaxın qohumunuza melanoma diaqnozu qoyulubsa, sizdə də melanoma olma riski yüksəkdir.
  • Zəifləmiş immunitet sistemi. İmmuniteti zəif olan insanlarda melanoma və digər dəri xərçəngləri riski artır.

Melanoma və digər dəri xərçənglərinin qarşısını almağın yolları

Melanoma və digər dəri xərçəngləri riskini azaltmaq üçün:

  • Günorta günəşindən çəkinin. Günəş səhər saat 10-dan axşam 4-ə qədər ən təpədədir. Uzun müddət günəş işığına məruz qalmaq da dəri xərçənginə səbəb ola bilər.
  • İl boyu günəş kremindən istifadə edin. Amerika Dermatologiya Akademiyası geniş spektrli, suya davamlı, ən azı 30 SPF olan günəş qoruyucu kremlərdən istifadə etməyi tövsiyə edir.
  • Qoruyucu paltar geyin. Günəşdən qoruyan kremlər ultrabənövşəyi şüalardan tam qorunmur. Bu səbəbdən tünd rəngli, sıx toxunmuş paltar geyinin və daha çox qorunma üçün geniş kənarlı papaq istifadə edin.

Günəş eynəklərinin istifadəsi də unudulmamalıdır. Hər iki növ UV şüalarını, UVA və UVB-ni bloklayan bir eynək axtarın.

  • Solyaridən çəkinin. Solyari ultrabənövşəyi şüalar yayararaq melanoma və digər dəri xərçəngləri riskini artıra bilər.
  • Dəyişiklikləri görmək üçün dərinizi tanıyın. Dərinizi müntəzəm olaraq yeni dəri törəmələri və ya mövcud xallarda, çillərdə və ya doğum ləkələrində baş verə biləcək dəyişikliklər üçün yoxlayın.

Melanoma diaqnozu

Melanoma diaqnozu üçün istifadə olunan testlər və prosedurlara aşağıdakılar daxildir:

  • Təcrübəli dermatoloq tərəfindən dərinin fiziki müayinəsi. Dəri həkimi melanoma göstəricisi ola biləcək əlamətlər üçün dərini yoxlayacaq.
  • Melanoma diaqnozu: Dermoskopiya. Dermoskopiya qeyri-invaziv müayinə üsuludur. Dermoskopiya rəng və struktur analizinə əsaslanan dəri törəmələrinin qeyri-invaziv diaqnostik diskriminasiyasını təkmilləşdirmək üçün mikroskopiya əsaslı bir vasitədir. Melanoma diaqnozu üçün qızıl standart histopatoloji müayinədir, lakin onun aşkarlanması üçün dermoskopiya da çox vacibdir.  Nəhayət, dermatoloq, melanoma dəri xərçəngində baş verən dermoepidermal birləşmə, rete silsilələr, piqment tərkibli hüceyrələr və ya melanosit qranullarında xarakterik histopatoloji dəyişiklikləri dermoskopiya ilə araşdıra bilir.
  • Melanoma Diaqnozu: Biopsiya. Melanoma, bəzi hallarda təcrübəli dermatoloq tərəfindən icra edilən vizual müayinə ilə aşkar edilə bilər, lakin biopsiya melanoma dəri xərçənginə qəti diaqnoz qoymağın yeganə yoludur. Melanoma diaqnozu üçün istifadə olunan biopsiya üsulları:
  • Punch biopsiyası. Punch biopsiyası zamanı şübhəli xalı əhatə edən dəridən yuvarlaq bir parça çıxarılır.
  • Eksizyonel biopsiyası. Bu prosedurda bütün xal və ya törəmə ətrafındakı normal toxuma ilə birlikdə çıxarılır.
  • İnsizyonel (Kəsik) biopsiyası. Kəsik biopsiyası ilə, laboratoriya analizi üçün xal və ya törəmənin yalnız ən nizamsız hissəsi çıxarılır.

Melanoma dəri xərçənginin hansı mərhələləri var?

Əgər sizə melanoma diaqnozu qoyulubsa, növbəti addım melanoma dəri xərçənginin dərəcəsini müəyyən etməkdir.

Melanoma dərəcəsini təyin etmək üçün dəri həkiminiz:

  • Qalınlığı müəyyən edilir. Melanoma dəri xərçənginin qalınlığı mikroskop altında diqqətlə araşdırılaraq və xüsusi alətlə (mikrometr) ölçülməklə müəyyən edilir. Melanoma dəri xərçənginin qalınlığı dermatoloqa müalicə planını təyin etməkdə kömək edir.
  • Melanoma dəri xərçənginin yayılıb-yayılmadığına baxılır. Melanoma dəri xərçənginin yaxınlıqdakı limfa düyünlərinə yayılıb-yayılmadığını aşkar etmək üçün cərrah “Sentinel Node Biopsy” kimi tanınan proseduru tövsiyə edə bilər. Sentinel node biopsiyası zamanı melanomanın çıxarıldığı sahəyə boya vurulur. Boya yaxınlıqdakı limfa düyünlərinə axır. Boyanı qəbul edən gözətçi limfa düyünləri çıxarılır və xərçəng hüceyrələri üçün yoxlanılır. Əgər bu gözətçi limfa düyünlərində (sentinel limfa düyünləri) xərçəng aşkarlanmazsa, melanoma dəri xərçənginin meydana gəldiyi yerdən kənara yayılmama şansı var. Gözətçi limfa düyünlərində xərçəng aşkarlanmasa belə, xərçəng yayıla bilər.

Melanoma I-dən IV-ə qədər Roma rəqəmləri ilə qiymətləndirilir. 0 və I mərhələdə olan melanoma kiçikdir və çox müvəffəqiyyətli bir müalicə nisbətinə malikdir. Ancaq rəqəm nə qədər yüksəkdirsə, tam sağalma şansı bir o qədər azdır. IV mərhələdə, xərçəng dəridən kənara – ağciyərlər və ya qaraciyər kimi digər orqanlara da yayılır.

Melanoma müalicəsi

  • Erkən mərhələdə melanoma müalicəsi. Erkən mərhələdə melanoma müalicəsi adətən melanoma dəri xərçəngini çıxarmaq üçün icra edilən cərrahi müdaxiləni əhatə edir. Çox nazik melanoma biopsiya zamanı tamamilə çıxarılır və əlavə müalicə tələb etmir.
  • Metastatik (dəridən kənar toxumalara da yayılan) müalicəsi. Əgər melanoma dəridən kənara yayılıbsa, müalicə variantlarına aşağıdakılar daxildir:
  • Melanoma təsirinə məruz qalan limfa düyünlərini çıxarmaq üçün cərrahiyyə. Əgər melanoma ətrafdakı limfa düyünlərinə yayılıbsa, cərrah təsirlənmiş limfa düyünlərini çıxara bilər.
  • Kimyaterapiya. Kimyaterapiya venadaxili (damar içərisinə), həb şəklində və ya hər ikisi birlikdə xərçəng hüceyrələrini məhv etmək üçün istifadə edilə bilər.
  • Radiasiya Müalicəsi (Radioterapiya). Limfa düyünlərinin çıxarılması əməliyyatından sonra radioterapiya (radiasiya terapiyası) tövsiyə oluna bilər. 
  • Bioloji Müalicəsi (İmmunoterapiya). Bioloji terapiya bədənin xərçənglə mübarizəsinə kömək etmək üçün immunitet sistemini gücləndirir.
  • Məqsədli Terapiya (Targeted Therapy). Məqsədli terapiyada dərmanlar melanoma hüceyrələrinin onları normal hüceyrələrdən fərqləndirən hissələrini hədəf alır.

Oxşar məqalələr


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
Back to top button